Статья опубликована в рамках: XCIV Международной научно-практической конференции «История, политология, социология, философия: теоретические и практические аспекты» (Россия, г. Новосибирск, 02 июля 2025 г.)
Наука: История
Секция: Историография, источниковедение и специальные исторические дисциплины
Скачать книгу(-и): Сборник статей конференции
дипломов
AZƏRBAYCANIN III-IX ƏSRLƏR TARİXİ AKADEMİK Z.M.BÜNYADOVUN TƏDQİQATLARINDA
THE 3rd-9th CENTURIES’ HISTORY OF AZERBAIJAN IN THE RESEARCH OF ACADEMICIAN Z.M.BUNYADOV
Elmaddin Ali oglu Guliyev
Master, PhD student, A.A.Bakikhanov Institute of History and Ethnology of the Azerbaijan National Academy of Sciences, Teacher, Humanitarian-oriented school-lyceum;
Azerbaijan, Baku;
ANNATASİYA
Bu məqalə akademik Ziya Bünyadovun Azərbaycan tarixinin erkən orta əsrləri, xüsusilə də III–IX əsrlər dövrü ilə bağlı apardığı fundamental tədqiqatlara həsr olunmuşdur. Əsas diqqət onun 1964-cü ildə müdafiə etdiyi doktorluq dissertasiyası və 1965-ci ildə nəşr olunan "Azərbaycan VII–IX əsrlərdə" adlı monoqrafiyasına yönəldilmişdir. Alimin əsəri zəngin mənbə bazası – alban, ərəb, erməni, gürcü və Bizans yazılı qaynaqları, arxeoloji və numizmatik materiallar əsasında hazırlanmışdır. Z.Bünyadov Albaniyanın siyasi və sosial-iqtisadi quruluşunu, feodal münasibətlərini, torpaq mülkiyyət formalarını, dini strukturlarını və əhalinin qonşu xalqlarla münasibətlərini ətraflı şəkildə təhlil etmişdir Məqalədə müəllifin kaspilər və xəzərlərlə bağlı fikirləri də xüsusi vurğulanır. Ümumilikdə, Z.Bünyadovun tədqiqatları Azərbaycan tarixşünaslığında yeni bir mərhələnin əsasını qoymuşdur.
ABSTRACT
This article is dedicated to the fundamental research conducted by academician Ziya Bunyadov on the early Middle Ages of Azerbaijani history, especially the period of the 3rd-9th centuries. The main attention was focused on his doctoral dissertation defended in 1964 and the monograph “Azerbaijan in the 7th-9th Centuries” published in 1965. The scientist’s work was written based on a rich source base - Albanian, Arabic, Armenian, Georgian and Byzantine written sources, archaeological and numismatic materials. Z. Bunyadov analyzed in detail the political and socio-economic structure of Albania, feudal relations, forms of land ownership, religious structures and relations of the population with neighboring peoples. The article also emphasizes the author’s views on the Caspians and Khazars. On the whole, Z. Bunyadov’s research laid the foundation for a new stage in Azerbaijani historiography
Açar sözlər: VII–IX əsrlər Azərbaycan tarixi; Xəzər yürüşləri; Ərəb fəthi; Albaniya; Kaspilər; Sasanilər imperiyası; vergi sistemi; ruhani sinfi; Dvin; Ani; Katolikos Viron
Keywords: The 7th–9th centuries’ history of Azerbaijan; Khazar invasions; Arab conquest; Albania; Caspian; Sasanian Empire; tax system; clergy; Dvin; Ani; Catholicos Viron.
Z.M. Bünyadovun elmi irsi dəyərləndirilərkən hər şeydən öncə onun VII-IX əsrlər Azərbaycan tarixinə həsr olunmuş doktorluq dissertasiyasına rəy vermiş müəllimi, tarix elmləri doktoru Yevgeni Aleksandroviç Belyayevin fikrinə diqqət vermək vacibdir. Y.A.Belyayevin bu fikrini Azərbaycan aliminin bütün elmi fəaliyyətinə şamil etmək olar: “Z.M.Bünyadovun əsəri Azərbaycan tarixinin elə bir mərhələsinə həsr edilmişdir ki, həmin mərhələ indiyədək heç bir mütəxəssisin diqqətini cəlb etməmişdir. Bundan başqa onun orta əsr Azərbaycanı elmi baxımdan araşdırması bütövlükdə bu ölkənin yeni və ən yeni dövrünün düzgün dərk olunması üçün vacib şərtdir” [7, p. 139].
Doğrudan da, Azərbaycan tarix elmində dönüş mərhələsinin əzəli Z.Bünyadovun 1964-cü ildə müdafiə etdiyi bu doktorluq dissertasiyası ilə qoyulmuş, 1965-ci ildə rus dilində nəşr etdirdiyi “Azərbaycan VII-IX əsrlərdə” monoqrafiyası ilə bağlı olmuşdur. Bu sanballı əsər alban, erməni, gürcü, Bizans, ərəb, mənbələri əsasında yazılmışdır [18, p. 7-38]. Bununla yanaşı alim bu dövrün tədqiqi ilə məşğul olan digər alimlərin elmi əsərlərinə müraciət etmiş, əsərini arxeoloji və numizmatik materiallarla zənginləşdirmiş, oxuculara mükəmməl bir monoqrafiya bəxş etmişdir [18].
Əsasən Azərbaycan tarixinin VII-IX əsrlərdə baş vermiş taleyüklü hadisələrin araşdırılmasına həsr olunmuş bu əsərində alim Azərbaycanın III-V əsrlər tarixinin problemləri sırasında siyasi tarix və tarixi coğrafiya məsələlərinə də xüsusi diqqət yetirmişdir. Tarixən məlumdur ki, III-V əsrlərdə Azərbaycanda feodal münasibətləri yaranmağa başlamışdı. 226-cı ildə hakimiyyətə gəlmiş Sasani sülaləsi 227-ci ildə Adurbadaqanı, 260-cı ildə Cənubi Qafqazın böyük hissəsini, 262-cı ildə isə Albaniyanı ələ keçirdi. Sasani şahənşahı I Şapurun (241-272) əmrinə əsasən tərtib edilmiş XX əsrin 30-cu illərində Nəqş-e Rüstəmdə aşkar olunmuş üçdilli “Kəəbe-ye Zərdüşt” yazılarında Cənubi Qafqaz ölkələri bu ardıcıllıqla təqdim olunmuşdur: “Atropatena, İberia, Maxeloniya, Albaniya, Kaspiana (Balasakan), Kap-ko (Qafqaz dağları) və Alan (qapılarına qədər)” [8, p. 47].
Tarixi Azərbaycanın sərhədləri antik dövrdə olduğu kimi, bu dövrdə də dəyişməz qalmışdır [8, p. 47]. I Xosrov Ənuşirəvanın (531-579) inzibati islahatından sonra Azərbaycan Sasani imperiyasının Şimal (Qafqaz – E.Q.) kustakına daxil edildi. Sasanilər dövründə Azərbaycanın şimal sərhədləri Dərbəndədək uzanırdı. Bunu Dərbənd şəhərinin qala divarlarındakı pəhləvi yazıları da təsdiq edir. Həmin yazılar 553-cü ildə Sasani mərzbanı Bərzinin əmrinə əsasən tərtib edilmişdir [18, p. 40, p. 136]. “Kəəbe-ye Zərdüşt” yazılarında olan məlumat Moisey Kalakatuklunun məlumatı ilə qismən təsdiqlənir. Albaniya hakimi Cavanşirin dövründən bəhs edən bu alban salnaməçisi yazmışdı ki, “o, ölkəsini İberiya sərhədlərindən Dərbəndə və Araz çayınadək olan torpaqların mütləq-hakimi kimi idarə edirdi” [19, p. 127]. Alimin “Azərbaycan VII-IX əsrlərdə” monoqrafiyasının ilk səhifəsində bununla bağlı olaraq yazmışdı: “Biz, eyni dildə danışan azərbaycanlıların yaşadıqları ölkənin hər iki hissəsini “Azərbaycan” adlandırmaqla bərabər, hər bir halda Azərbaycanın məhz hansı ərazisinin nəzərdə tutulduğunu, məsələn: onun şimal rayonları olan Albaniya, Şirvan, Sünik, Arsax, Uti, Girdıman, Şəki, Qəbələ, Dərbənd vilayəti, Beyləqanın, yoxsa cənub rayonları olan Muğan, Bəzzəyn, Naxçıvanın nəzərdə tutulduğunu aydınlaşdırmalıyıq” [18, p. 4].
Dövrün ilkin qaynaqlarına əsaslanmış Z.Bünyadov ilk dəfə olaraq alban xristianlıq tarixini, Alban kilsəsinin quruluşunu, alban ədəbiyyatını araşdırmışdır. O, Müstəqil (avtokefal) Alban Kilsəsinin hüquqlarının məhdudlaşdırılmasında və 1836-cı ildə ləğvində erməni qriqoryan kilsəsinin məkrli rolunu göstərmişdir [18, p. 39-78; 14].
Z.M.Bünyadovun diqqətini VI-VIII əsrlərdə Azərbaycan əhalisinin qonşuları ilə münasibətləri də cəlb edirdi. Alim həmin dövrdə Azərbaycandakı vəziyyəti tam açıqlamış, xəzərlərin bu əraziyə yürüşlərini, onların Azərbaycanda hakimiyyət illərini, Sasani-Bizans müharibələrini təfsilatı ilə təhlil etmişdir [14, p. 161].
Z.M.Bünyadov Vətən tarix elmində ilk dəfə olaraq alban patriarxı Vironun siyasi fəaliyyətini düzgün dəyərləndirmiş, onun Sasani və Xəzər hakimiyyəti dövründəki rolunu müəyyən etmişdir [18, p. 56-60; 14, p. 161]. Alimin xalqımızın etnogenezi prosesində xəzərlərin Azərbaycandakı rolu ilə bağlı olan və M.İ.Artamonovun müddəaları ilə səsləşən fikirləri diqqəti xüsusilə cəlb edir [3, p. 68-71].
Albaniyanın VI-IX əsrlərdə siyasi mənzərəsini araşdırmış Z.M.Bünyadov qeyd edirdi ki, VI əsrdə Albaniyada Sasanilərin mərzbanlıq idarə üsulu hökm sürmüşdür. VII əsrdə isə Albaniyaya Mehranilər sülaləsi rəhbərlik edirdi. Araşdırmadan aydın olur ki, Mehranilər VIII əsrin başlanğıcına kimi təqribən bütün ölkəni idarə etmişlər. Z.Bünyadov Albaniyanın VII-IX əsrlərdə cənub və şimal-qərb sərhədlərini müəyyənləşdirərək “Sünikin Albaniyanın tərkibində olduğunu” qeyd etmiş, Araz çayını sərhəd olaraq göstərmişdir. O, Xunan məntəqəsini Kür və Xrami çaylarının kəsişdiyi yerdə yerləşdirmiş, onu “Albaniya ilə İberiya arasında sərhəd məntəqəsi” kimi müəyyən etmiş, P.İnqqorkvanın bu məsələdə yanlış mövqedə olduğunu sübuta yetirmişdir [4, p. 87-91]. Z.M.Bünyadov “Albaniya ərazisində iki Şəkinin olduğunu” sübut etmiş və bununla da bir çox mübahisəli məsələləri həll etmişdir [18, p. 176-180]. Alim sonralar Azərbaycanın qərb sərhədləri məsələsinə bir daha qayıtmış və sübut etmişdir ki, hətta XII əsrdə də Azərbaycanın qərb hüdudları Ani və Dəbil (Dvin – E.Q) hüdudlarından başlanırdı” [17, p. 52]. Z.Bünyadov bu məsələləri həll etməklə daha mürəkkəb problemə (ermənidilli yazılı qaynaqlarda hansı Naxçıvandan bəhs olunduğuna - E.Q.) aydınlıq gətirmişdir [17, p. 105, p. 191].
Azərbaycan ərazisi yalnız VII yüzilliyin sonlarına doğru ərəblər tərəfindən zəbt edilmiş, yerli xristian albanların çoxu İslamı qəbul etmiş, Qarabağın dağlıq hissəsində (Arsaxda) yaşayan albanlar öz dinində qalmışdır [19, p. 3].
Ərəb istilası ərəfəsində Albaniyanın şimal-qərbində Girdıman (Çardıman) vilayəti yerləşirdi [18, p. 59].
Z.M.Bünyadov belə hesab edirdi ki, Girdıman öncə Şəmkirçayın şərq qolu olan Girdıman çayının sahilində yerləşirdi, yəni bu ərazi müasir Şəmkir, Gədəbəy, Daşkəsən torpaqlarını əhatə edirdi [5, p. 88]. Bu fikri sonralar F.C.Məmmədova da təkrar etmişdir [13, p. 259].
Ərəbdilli qaynaqlarda Tiflis “Arranın şəhəri” kimi qeyd edilir. Qaynaqlarda həmin məlumatı şərh etmiş tədqiqatçılar qeyd edirlər ki, 644-cü ildən Arran vilayəti Tiflislə birlikdə Xilafətin tərkibinə daxil olmuş və müsəlmanların uzunmüddətli tabeliyinə keçmişdi [20, p. 27; 2, p. 387-419]. Ərəbdilli qaynaqlara əsaslanan N.M.Vəlixanlı Tiflis şəhərini Arranın tərkibində göstərmişdir [21].
Alimin yaradıcılığında Albaniyanın xəzərlərlə münasibətlərinə diqqət vermək yerinə düşər. Qaynaqlarda olan məlumatlara əsaslanmış alimin qənaətinə görə, xəzərlər Cənubi Qafqaza 531-ci ildən gec olmayaraq basqınlar etmiş, talanlar törətmişlər, “buna görə də xəzərlərin adının I Qubadın və Xosrov Ənuşirəvanın hakimiyyəti dövründə çəkilməsi heç də təsadüfi deyil” [18, p. 41-42].
Qeyd edək ki, qədim və erkən orta əsr qaynaqlarına görə, kaspilər Albaniyanın və Atropatenanın yerli tayfalarından, xalqlarından biri kimi göstərilir. M.Kalankatukluya əsasən “Albaniyanın ərazisi olan Kaspiana şimalda Çola darvazalarına qədər uzanırdı” [9, p. 60]. Lakin qaynaqlardan görünür ki, kaspilərin yayıldığı ərazi daha geniş idi. Hal-hazırda Tiflisin şimal-qərbində “Kaspi” şəhəri yerləşir. Danılmazdır ki, Qafqazın uca zirvələrindən biri olan Kazbek dağının adı bilavasitə kaspilərin adı ilə bağlıdır. Bu faktlar Albaniya kaspilərinin Cənubi Qafqazda yayılma arealının daha geniş olduğunu sübut edir. Tədqiqatçıların fikrincə, “kaspilər” və “xəzərlər” eyni tayfanın fərqli adlarıdır [2, p. 397-419; 11, p. 249-250; 12, p. 101].
Z.Bünyadov Albaniyanın 14-cü katolikosu Vironun fəaliyyətini də araşdırmışdır [6, p. 15-20]. Bu problem uzun müddət ərzində Azərbaycan tətqiqatçılarının diqqətindən kənarda qalmışdı [18, p. 46]. Vironun dini və siyasi fəaliyyətini dəyərləndirən alim yazmışdı: “Salnaməçinin Viro haqqında yazdığının çoxu Albaniya kilsə başçısının şənini yüksəltmək üçün olsa da, biz Vironun həqiqətən ağıllı bir dövlət xadimi olduğunu qeyd etməyə bilmərik: onun kilsə və dövlət başçısı vəzifəsindəki bütün fəaliyyəti bunu göstərir” [18, p. 47]. Mənbələrdən məlum olur ki, növbəti Bizans-Sasani müharibəsindən istifadə etmiş alban xalqı 603-cü ildə Sasani zülmünə qarşı üsyan edəndə Albaniya katolikosu Viro ona başçılıq edirdi. Mənbələrdə göründüyü kimi, Sasani şahənşahı II Xosrov qısa müddət ərzində üsyanı yatıra bilmişdi. Alban əyanlarının çoxu məhv olundu, bəziləri isə şikəst edildilər. Viro Ktesfona (sonralar Mədain adlanırdı – E.Q.) qaçdı və II Xosrovun arvadı Şirinin himayəsinə sığındı. Vironun siyasi fəaliyyətini araşdırmış Z.Bünyadov bu görkəmli dini-siyasi xadimin fəaliyyətini Mxitar Qoşun sözləri ilə qiymətləndirdi: “Xeyirxahlığı ilə parlayan pak insan katolikos Vironun həyatı bu cür sona çatdı” [18, p. 54]. Xəzərlər Albaniyanı tərk etdikdən sonra ölkədə taun xəstəliyi yayıldı və Viro bu xəstəliyə tutularaq 630-cu ildə öldü [19, p. 110-112; 18, p. 53-54].
Antik və erkən orta əsr Albaniyasının özünəməxsus təsərrüfat həyatı var idi. Xristianlığın mövqeyi gücləndikcə burada vergi sistemi ona uyğunlaşdırılırdı. Artıq VI əsrin sonunda – VII əsrin əvvəlində Albaniyanın ictimai quruluşunda feodalizm tam təşəkkül tapmışdı. Z.Bünyadov bu dövrün Albaniyasının ictimai-iqtisadi həyatını araşdırırkən III Vaçaqanın və katolikos Simeonun kilsə qanunlarına müraciət edirdi [18, p. 62]. Erkən orta əsrlərdə Albaniya feodallarının əsas torpaq sahəsi “dastakert” (mülk) adlanırdı. Sasanilər dövrünün Qanunnaməsində torpaq mülkiyyəti iki istilahla ifadə olunurdu: “dast(a)-gird” və “xwastaq” [10, p. 89]. “Dastgird” irsi torpaq mülkiyyəti idi. Həmin torpaqlar satıla, bağışlana və girov qoyula bilərdi. Musa Kalankatuklu bu torpaqların sahiblərini “naxarar” adlandırırdı [15, p. 49-52]. Digər torpaq forması “xwastaq” adlanırdı. “Xwastaq” bilavasitə “şərti torpaq” demək idi. Alim qeyd edirdi ki, feodallar və ruhanilər bu dövrdə Albaniyada hakim zümrələr olmuşdur. Albaniyada “əsilzadələr” (azad mərdlər), “hərbi adamlar” və “atlılar” kimi əhali təbəqələri vardı. Cənubi Azərbaycanda da hakim əhali kateqoriyasını “əsilzadələr” təşkil edirdilər. “Əsilzadələr” və “hərbi adamlar” yeni yaranmış xırda feodallar zümrəsinə mənsub idilər. Onlar hökmdara hərbi qulluqla bağlı idilər. “Əsilzadələr” torpaqlarda yaşayan kəndliləri istismar etməklə öz rifahlarını təmin edirdilər [18, p. 68-69]. Kəndlilər istifadə etdikləri torpaq müqabilində vergi ödəyir, lazım olanda hökmdar qoşununa cəlb edilirdilər [18, s. 62].
Albaniyaya “işxanans-işxan”(“böyük knyaz”) adlı ən iri feodal başçılıq edirdi [16, p. 29; 1, p. 62-63]. Musa Kalankatuklunun məlumatlarına əsaslanan Z.Bünyadov yazmışdır ki, “onun hakimiyyəti irsi idi və xarici dövlət başçıları onu dövlətin sahibi kimi qiymətləndirdilər” [18, p. 62]. Bu, Bizans imperatorunun Cavanşirə yazdığı məktubdan da məlum olur [30, p. 119-122]. Həmin məktubdakı məlumata görə, “işxan” bütün Albaniyanın hakim təbəqəsinin başında dururdu [18, p. 62]. İşxan hərbi dəstəyə malik idi və eyni vaxtda Albaniya qoşununun ali baş komandanı sayılırdı. İşxandan sonra ölkədə ən iri torpaq sahibi alban (Arran) xristian kilsəsi olmuşdur. “Kilsə-monastır torpaqları kilsələrin, monastır torpaqları və böyük ruhani zadəganların bölünməz və irsi mülkiyyəti idi və “müqəddəs kilsənin irsi” adlanırdı” [18, p. 63].
Alban kilsəsinə qeyri-məhdud hakimiyyətə malik olan katolikos başçılıq edirdi. Katolikos və onun rəhbərlik etdiyi kilsə ölkə daxilində əhalini birləşdirən yeganə qüvvə olmuşdur. Albaniya (sonralar Arran – E.Q.) yepiskopluqlara bölünmüşdü. Ruhanilər zümrəsinin tərkibinə yepiskoplardan başqa xristian ilahiyyatçıları, keşişlər və rahiblər də daxil idilər. Z.Bünyadov Albaniyada ruhanilərin çoxluğunu onunla izah edirdi ki, hər bir hakim xanədan kilsəsinə mənsub olan ruhaniləri vassal kimi itaətdə saxlayırdı. Kilsə öz sərvətini əhaliyə zülm etməklə əldə edirdi [18, p. 66].
Albaniya əhalisinin əksəriyyətini kəndlilər təşkil etmişdilər. Onların çoxu mülki və ruhani feodallardan asılı idi. Həm Sasani, həm də Xilafət dövründə torpaq mülkiyyəti formaları arasında oxşarlıq olmuşdur. Antik və erkən orta əsr Albaniyasında meydana gəlmiş feodal-kəndli münasibətlərinə Z.Bünyadovun yanaşma tərzi diqqəti cəlb edir. Araşdırmadan belə bir nəticə əldə etmək olar ki, həm Sasani, həm də Xilafət dövründə Azərbaycanda da təhkimçilik hüququ olmamışdır. Lakin Z.Bünyadov bunu da qeyd edirdi ki, tədqiq olunan dövrdə Arranda (Albaniyada) azad kəndlilərlə yanaşı müəyyən qədər sıxışdırılan kəndlilər də olmuşdur, bu isə bizə yalnız iqtisadi asılılıq münasibətlərindən bəhs etməyə imkan verir [18, p. 69]. Albaniyada feodalizm Sasani dövləti ilə eyni zamanda yaranmışdı. Buna görə də biz uzun müddət ərzində Sasani şahənşahlarının siyasi nüfuz dairəsində olmuş Albaniyada da xeyli oxşarlıq müşahidə edirik [10, p. 82-83].
Sasanilər dövründə ölkədə olan daimi və səyyar sikkəxanalarda pul kəsilirdi. Bu zaman əhalidən vergilər həm məhsulla, həm də pulla alınırdı. Z.M.Bünyadov vergilərin toplanılması qaydası barədə qeyd edirdi ki, I Xosrov imperiya əhalisini və torpaq mülklərini siyahıya aldırmışdı. Bu isə bütün imperiya əhalisindən vergilərin alınmasını təmin etmişdi [18, p. 69-70]. Beləliklə, Z.Bünyadovun Azərbaycan tarixinin erkən orta əsrləri ilə bağlı olan araşdırmaları nəticəsində biz Sasanilər dövründə Albaniyada və Adurbdadqanda dövlət quruluşu, ictimai münasibətlər, sərhədlər, baş vermiş dini-ideoloji və siyasi hadisələr, xalqımızın qonşu xalqalarla münasibətləri, bu məsələlərlə bağlı olaraq müxtəlif alimlərin fərqli yanaşma tərzi haqqında ətraflı məlumat əldə edə bilirik.
References:
- Alekperov, A.F. On the Origin of Certain Names. Baku: Turkology, 2011. 4 p. P. 62–63. [in Russian]
- Alekperov, A.F. The Etymology of Certain Names of Turkic-Albanian Origin. Baku: Dirçəliş – XXI Century, 2011. P. 397–419. [in Russian]
- Asadov, F. Materials from Arab Sources in the Polemics of Soviet Orientalists on the Duration of Khazar Domination in the South Caucasus. In: Proceedings of the International Scientific Symposium Dedicated to the 90th Anniversary of Full Member of the Azerbaijan National Academy of Sciences, Hero of the Soviet Union Ziya Musa oglu Bunyadov. Historiography and Source Studies of the Medieval East. Baku: Elm, May 7–8, 2012. P. 68–71. [in Russian]
- Belyaev, E.A. Arabs, Islam, and the Arab Caliphate in the Early Middle Ages. Moscow: Nauka, 1966. 280 pp. [in Russian]
- Bunyatov, Z.M. Albanica III. On the Localization of the Gardman Region. Baku: Proceedings of the Academy of Sciences of the Azerbaijan SSR, Series of Social Sciences, 1964, No. 4, P. 87–91. [in Russian]
- Bunyatov, Z.M. On the Activities of the Catholicos of Albania Viro (596–630). Near and Middle East. Moscow–Leningrad, 1962, P. 15–20. [in Russian]
- Bunyatova, T. Ziya – My Fate. Stronger Than Death: Ziya Bunyadov in the Memories of His Contemporaries. Baku: Elm, 2002. 584 pp. [in Russian]
- Eremyan, S.T. “The Country of Mahelonia” in the Inscription of Kaaba-i Zardusht. Moscow: Herald of Ancient History, 1967, No. 4, P. 47–59. [in Russian]
- Kaghankatvatsi, Movses. The History of the Country of Aluank. Trans. by Sh.V. Smbatyan, M. Kaghankatvatsi. Yerevan: Publishing House of the Academy of Sciences of the Armenian SSR, 1984. 258 pp. [in Russian]
- Kasumova, S.Yu. Southern Azerbaijan in the 3rd–7th Centuries (Problems of Ethnocultural and Socio-Economic History). Baku: Elm, 1993. 140 pp. [in Russian]
- Latyshev, V.V. Reports of Ancient Writers (Greek and Latin) on Scythia and the Caucasus. Vol. 2. Latin Authors. Compiled and edited by V.V. Latyshev. Saint Petersburg: Issue 1, 1893. 274 pp. [in Russian]
- Magomedov, M.G. The Formation of the Khazar Khaganate. Moscow: Nauka, 1983. 225 pp. [in Russian]
- Mammadova, F.Dj. The “History of the Albanians” by Movses Kaghankatvatsi as a Source on the Social Structure of Early Medieval Albania. Baku: Elm, 1977. 196 pp. [in Russian]
- Mammadova, F.Dj. Caucasian Albania and the Albanians. Baku: Center for the Study of Caucasian Albania, 2005. 800 pp. [in Russian]
- Novoseltsev, A.P. The Development Paths of Feudalism (Transcaucasia, Central Asia, Rus’, the Baltics). A.P. Novoseltsev, V.T. Pashuto, L.V. Cherepnin. Moscow: Nauka, 1972. 338 pp. [in Russian]
- Yuzbashyan, K.N. Armenian States of the Bagratid Era and Byzantium (9th–11th Centuries). Moscow: Nauka, 1988. 300 pp. [in Russian]
- Bunyadov, Z.M. The State of the Atabegs of Azerbaijan. Baku: Elm, 1985. 266 pp. [in Azerbaijani]
- Bunyadov, Z.M. Azerbaijan in the 7th–9th Centuries. Baku: Azerneshr, 1989. 336 pp. [in Azerbaijani]
- Movses Kalankatuklu. The History of Albania; Mkhitar Gosh. The Albanian Chronicle. M. Kalankatuklu, M. Gosh. Baku: Elm, 1993. 272 pp.[in Azerbaijani]
- Valikhanli, N.M. The Arab Caliphate and Azerbaijan. Baku: Azerbaijan State Publishing House, 1993. 157 pp. [in Azerbaijani]
- Valikhanli, N.M. Arab Geographers and Travellers of the 9th–12th Centuries about Azerbaijan. Baku: Elm, 1974. 222 pp. [in Azerbaijani]
- Valikhanli, N.M. Nakhchivan from the Arabs to the Mongols (7th–12th Centuries). Baku: Elm, 2005. 152 pp. [in Azerbaijani]
дипломов
Оставить комментарий